XƏBƏRLƏR

Müəllimlər gününün 50 illiyi münasibəti ilə ismarıc

01.10.2016

Ümumdünya Müəllimlər Günü və YUNESKO/BƏT-in 1966-cı il tarixli tövsiyə sənədinin 50 illiyi münasibəti ilə YUNESKO, BƏT, YUNISEF, BMT-nin İnkişaf proqramı və beynəlxalq təhsil rəhbərlərindən ismarıcı.

Müəllimləri dəyərləndirək, onların statuslarını artıraq! Dünyaya sonsuz töfhələr bəxş edən müəllimlərin Ümumdünya Müəllimlər Gününü hər il qeyd edirik. Bu fədakar müəllimlər şagirdlərə dünyanı dərk etmək, potensiallarını kəşf etmək və onları bu istiqamətdə inkişaf etdirmək yolunda bələdçilik və yoldaşlıq edirlər. Bunu etməklə müəllimlər yalnız milyonlarla uşaqların gələcəyini qurmasına deyil, həm də daha yaxşı bir dünya yaratmağa kömək edirlər.

Təhsil və inkişaf arasındakı bu əhəmiyyətli əlaqə Dayanıqlı İnkişaf proqramının 2030-cu il gündəliyinə daxil edilib. Dünya liderləri Dayanıqlı İnkişafın 4-cü məqsədini tanımaqla, dünyanı inklüziv və ədalətli təhsillə təmin etmək və ömürboyu təhsil imkanlarını genişləndirmək öhdəliyi götürdülər. İxtisaslı və keyfiyyətli müəllimlər olmadan və o müəllimləri öz şagirdlərinin həyatındakı akademik dəyişikliklərdə əsas rol oynamağa cəsarətləndirmədən, bu məqsədə çatmaq mümkün olmayacaq.

Vəziyyət olduqca mürəkkəbdir. 2030-cu ilə kimi ibtidai təhsil üçün bizə əlavə 24.4 milyon müəllim lazım olacaq. Orta məktəb müəllimləri üçün bu rəqəm 44.4 milyondur.

Müəllimlərin əksəriyyətinin əmək haqqları, dəyərləndirilmə və hazırlıq səviyyələri aşağıdır. Bu mühitdə biz yeni kadrları mühüm tədris istiqamətinə necə səfərbər və cəlb edə bilərik?

Müəllimlərin əksəriyyəti hələ də qeyri-münasib müqavilələr əsasında və müvafiq olmayan əmək haqqı ilə işləyirlər. Onlar bir çox hallarda çətin şəraitdə yaşayır, ilkin təhsil, davamlı peşəkar inkişaf və ardıcıl dəstəklə lazımi səviyyədə təmin olunmurlar. Hətta bəzən ayrı-seçkiliyin və zorakı hücumların qurbanı olurlar.

Müəllimlik fəaliyyəti cəlbedici, üstünlük verilən peşə ola bilərdi – əgər müəllimlər onların uşaqlarımıza verdikləri əvəzsiz dəyər müqabilində uyğun dəyərləndirilsəydilər, əgər onların təhsil işçiləri kimi professional statusları peşələrinin bizim ortaq gələcəyimiz üzərindəki böyük təsirə müvafiq olsaydı. Bu o deməkdir ki, müəllimlərin uşaqların yetişdirilməsindəki mühüm rolu konktest və şəraitdən asılı olmayaraq, hətta ən kasıb, ucqar yerlərdə, kritik vəziyyətlərdəki icmalarda belə davamlı peşəkar inkişaf yönümlü təlim və proqramlarla dəstəklənməlidir. Əvəzedilməz əməkləri layiqincə qiymətləndirilməli və bütün zəruri vasitələrlə təmin edilməlidir. Bunun üçün müəllimlərin statusunu gücləndirən və qoruyan proqramlar qəbul edilməli və onların işinə birbaşa təsir edən bu prosesdə, qərarvermədə müəllimlərin fəal iştirakı təmin edilməlidir. Bütün bunlar təhsil sisteminin səmərəliliyini artırır.

50 il əvvəl, bu gün bütün bu prinsiplər YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan 1966-cı il konfransında müzakirə olundu, müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən ilk beynəlxalq sənəd imzalandı. Həmin gündən biz müəllimlərin statuslarının artırılması baxımından böyük uğurlar qazanmış olsaq da, hələ də çoxlu işlər görülməlidir.

2016-cı il Dünya Müəllimlər Gününü bu sənədin təqdim etdiyi standartlarla bağlı öz vəd və öhdəliklərimizə sadiqliyimizi bir daha bildirmək, onlara nail olmaq üçün cəhdlətimizi ikiqat artırmağa həsr edirik. Dünyanın müəllimləri və dünyanın uşaqları hər şeyin ən yaxşısına layiqdirlər.