"Erkən yaş təhsili proqramı" başa çatmışdır
16.06.2017
Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” adlı təlim kursu başa çatmışdır.
Təlim kursunun əsas məqsədi erkən yaş dövrü təhsilinə cəlb olunan müəllimlərə qabaqcıl təhsil sistemi, erkən yaş dövründə uşaqların təhsili və onların intellektual, fiziki və emosional inkişafının təmin edilməsi yolları barədə məlumat vermək, beynəlxalq səviyyəli düşüncə tərzi və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlərin öyrədilməsi mexanizmləri ilə tanış etmək idi.
Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Keren Komala Subramaniam tərəfindən keçirildi.
Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.
FOTO