"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursu davam edir
16.06.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi birlikdə məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərində çalışan tərbiyəçilər, müəllimlər, tələbə və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirir.
Artıq bir neçə gündür davam edən təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşması istiqamətində işlər aparılır. Təlim TİPİİ-nin əməkdaşı Gülbəniz Nəcəfova tərəfindən aparılır. Məşğələlərdə aşağıdakı mövzular əhatə olunur:
1. Ümumi təsviri sənətin nəzəri əsasları (təsviri incəsənət növləri və janrları, rənglər, kompozisiya, perspektiv və s.)
2. Barmaqlarla müxtəlif rəsmçəkmə üsulları ( barmaq rəngkarlığı)
3. Nöqtələrlə rəsmçəkmə üsulu (puantizm texnikası)
4. Ştampların, yarpaqların izi ilə rəsmçəkmə üsulu (ştampinq)
5. Cızmaq üsulu (qrattaj)
6. Çap texnikası (monotipiya)
7. Plastilinlə rəsmçəkmə üsulu (plastilinoqrafiya)
8. Kokteyl çöpünün köməyi ilə rəsmçəkmə üsulu (klyaksoqrafiya)
9. Applikasiya və oriqami texnikası (kağız qatlama texnikası)
10. Rəqəmlərlə, hərflərlə, fiqurlarla rəsmçəkmə texnikası.
Qeyd edək ki, kursun sonunda yekun qiymətləndirmədə iştirak edən və hazırda tərbiyəçi və ya müəllim işləyənlər dövlət nümunəli ixtisasartırma sertifikatları alacaqlar.