XƏBƏRLƏR

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna maarifçi QHT-lərin informasiya turu təşkil edilib

16.06.2017

Təhsil Nazirliyinin, “Yaşıl qələm” Müəllimlərin və jurnalistlərin Təhsil şəbəkəsinin təşəbbüsü ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna maarifçi QHT-lərin informasiya turu təşkil edilib.

İnfoturun məqsədi Maarifçi QHT-ləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyəti ilə tanış etmək və təhsilin keyfiyyətinin inkişafı istiqamətində İnstitutla əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

İnfotur çərçivəsində qonaqlar institutun ibtidai sinif müəllimləri üçün yaradılmış “Təməl” Mərkəzi və “British Council” tərəfindən ingilis dili müəllimləri üçün Resurs Mərkəzi ilə tanış olublar.

Tədbirdə təqdimatla çıxış edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu institutun yeni strukturu və fəaliyyəti, həyata keçirilən layihə və tədbirlər haqqında danışıb.

İnfotur zamanı müəllimlərin təlim ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə sorğuların keçirilməsi, məktəbəhazırlıq qruplarında istifadə üçün didaktik oyunlar kataloqunun hazırlanması, Pedaqoji Kolleclə memorandum əsasında görüləcək tədbirlər və “ADA” Universiteti ilə birgə müəllim və valideynlər üçün konfrans və seminarların keçirilməsi haqqında məlumat verilib.

İnformasiya görüşündə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov maarifçi QHT-ləri may ayı ərzindəki təhsil yenilikləri ilə tanış edib.

Tədbirdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov cəmiyyətimiz üçün faydalı olan kadrların peşə hazırlığına cəlb edilməsinin əhəmiyyətini qeyd edib.

Təlim və İnkişaf Mərkəzinin (TGC) direktoru Telman Yolçiyev, Gənc Alim, Aspirant və Magistrlər cəmiyyətinin sədri İlqar Orucov, Respublika Hemofiliya Assosiasiyasının sədri Gülnarə Hüseynova həyata keçirilən layihələrin səmərə verəcəyinə inandıqlarını bildirib, institutun “British Council” ilə birgə müəllimlərin ingilis dilinin hazırlığı və resurs bazalarının gücləndirilməsi sahəsində gördüyü işləri dəyərləndiriblər. Həmçinin “Yaşlıların təhsili” Assosiasiyasının sədri Azər Ramazanov bu sahədə işləri bölgələrdə də daha fəal aparmağı təklif edib.

FOTO