"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda seminar başa çatmışdır
19.06.2017
18 iyunda "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda keçirilən seminarların birinci hissəsi başa çatmışdır. Seminarlar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi olan "Şərq tərəfdaşlığı ölkələrində demokratik vətəndaşlıq və insan hüquqları təhsilinin təşviqi" layihəsi çərçivəsində baş tutmuşdur.
Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir.
Seminarın moderatorları Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska olmuşdur. İştirakçılar 4 günlük seminarın sonunda əldə etdikləri bilik və bacarıqların tədris zamanı istifadəsi barədə təəssuratlarını bölüşüblər. Seminarların yekununda müəllimlərə sertifikat verilməsi nəzərdə tutulmuşdur.