Məktəb rəhbərlərinin Quba "Yay məktəbi" başa çatmışdır
13.09.2016
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təhsil Nazirliyi tərəfindən son iki ildə məktəb rəhbərliyinə təyinat almış direktorlar üçün Qubada təşkil etdiyi “Yay məktəbi” davam edir. Sentyabrın 5-dən 11-nə qədər davam edən “Yay məktəbi”ndə bir-birindən maraqlı və faydalı təlim, seminar, mühazirələr baş tutub.
"Yay məktəbi"nin müdavimləri üçün özünü təqdim etmə, ünsiyyət bacarıqları, komanda quruculuğu, məktəb münaqişələri və onların həlli, məktəb mühitinin formalaşdırılması, səriştə əsaslı təhsil, məktəbdə sosial layihələr, məktəbdə təhsil keyfiyyətinin təminatı, müəllimin dərs fəaliyyətinin qiymətləndirilməsi, məktəb sənədləri və hesabatlılıq, məktəb qrant layihələrinin idarəçiliyi mövzularında təlimlər keçirilmiş, qrup işi və təqdimatlarla ötürülən informasiyalar praktik şəkildə möhkəmləndirilmişdir.Bundan əlavə müxtəlif mövzular üzrə dəvət olunan qonaq spikerlər ərəfindən müzakirələr aparılmış, seminar və mühazirələr dinlənilmişdir.
“Yay məktəbi” çərçivəsində müdavimlər Quba Soyqırımı Memorial Kompleksini də ziyarət etmişlər. Muzey bələdçiləri iştirakçıları qazıntılar zamanı aşkarlanmış soyqırım faktını sübut edən məzarlıq haqqında məlumat verdikdən sonra 2013-cü ildə istifadəyə verilən muzey ilə tanış etmişdir. Ekskursiya zamanı 1918-ci ildə ermənilər tərəfindən törədilən silsilə soyqırımlar, öldürülən insanların sayı və əraziləri “Yay məktəbi” iştirakçılarına geniş şəkildə izah edilmişdir. Sonda iştirakçılar muzeyin xatirə dəftərinə ürək sözlərini qeyd etmişlər.
Sentyabrın 11-də məktəb rəhbərləri üçün təşkil edilən Quba “Yay məktəbi”nin rəsmi bağlanış mərasimi keçirilmişdir. Təlim və seminarlarda fərqlənən müdavimlərə sertifikat verilmişdir.