Beynəlxalq müəllim günü
05.10.2017
Beynəlxalq müəllim günü
münasibətilə YUNESKO, İLO, YUNİSEF, UNDP və Beynəlxalq Təhsil (Education İnternational) təşkilatlarının rəhbərlərinin birgə
Müraciəti
5 oktyabr 2017-ci il
Azad tədris və müəllimlərin hüquq və imkanlarının genişləndirilməsi
(Teaching in Freedom, Empowering Teachers)
Müəllimlər hər bir cəmiyyətin gələcəyə istiqamətlənmiş gücünün təməlidir. Onlar uşaqları, gəncləri və yaşlıları öz potensiallarını açmaq üçün bilik və bacarıqlarla təmin edirlər.
Lakin dünyada hələ də xeyli sayda müəllim öz vacib işlərini görmək üçün dəstək ala bilmir. Bu səbəbdən bu ilki Beynəlxalq müəllim gününün devizi “Azad tədris və müəllimlərin hüquq və imkanlarının genişləndirilməsi”dir. Bu deviz müəllimləri səlahiyyətləndirməyin dəyərini bir daha vurğulayır və dünyada müəllimlərin üzləşdikləri peşə problemlərini qəbul edir.
Hüquqları və imkanları genişləndirilmiş müəllim olmaq keyfiyyətli təhsil, ədalətli maaş, davamlı peşəkar inkişaf imkanlarına sahib olmaq deməkdir. Bu həm də milli kurikulumun təkmilləşdirilməsinə dəstək vermək azadlığıdır. Digər tərəfdən bu, daha səmərəli, inklüziv və bərabər təhsil vermək üçün daha münasib metodlar və yanaşmalar seçmək azadlığı deməkdir. Bundan əlavə, bu, siyasi qeyri-stabillik və münaqişələr dövründə belə təhlükəsiz və güvənli şəraitdə dərs keçmək imkanı deməkdir.
Lakin bir çox ölkələrdə akademik azadlıq və müəllim muxtariyyatı sual altındadır. Məsələn, bəzi ölkələrdə ibtidai və orta məktəb səviyyələrində ciddi hesabatlılıq sistemləri standartlaşdırılmış testlərin nəticələrini təmin etmək üçün məktəblərə böyük təzyiq göstərir; şagirdlərin tələblərinə cavab verən geniş bir tədris proqramına məhəl qoymurlar.
Akademik azadlıq təhsilin hər bir səviyyəsində müəllimlər üçün vacibdir, lakin bu, ali təhsil müəssisələrində işləyən müəllimlər üçün xüsusilə önəmlidir. Akademik azadlıq onlara yeniliklər etmək, tədqiqat aparmaq və son pedaqoji araşdırmalar barədə məlumatlı olmaq imkanı verir. Ali məktəb müəllimləri çox vaxt müddətli müqavilə ilə işə götürülür. Bu, öz növbəsində onların məşğulluq məsələsini təhlükə altında qoyur, karyera perspektivlərini azaldır, iş yükünü çoxaldır və əmək haqqını azaldır. Bunların hamısı akademik azadlığı məhdudlaşdırır və təhsilin keyfiyyətinə zərər vurur.
Bütün təhsil səviyyələrində siyasi təzyiq və işgüzar mənafelər müəllimlərin azad tədrisinə mane ola bilər. Münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə yaşayan və işləyən müəllimlər dözümsüzlüklə, ayrı-seçkiliklə üz-üzə qalır. Tədqiqat aparmaq və öyrətmək məsələlərində də müəllimlər çətinliklərlə üzləşirlər.
YUNESKO-nun 1997-ci ildə Ali məktəb müəllimlərinin statusu ilə bağlı hazırladığı Tövsiyənin bu il 20 illiyi qeyd edilir. Həmin tövsiyə YUNESKO və İLO-nun 1966-cı ildə qəbul etdiyi Müəllimlərin Statusu sənədini tamamlayır. Hər iki alət müəllimlərin və təhsil işçilərinin hüquq və vəzifələrinin əsas istinad çərçivəsini təşkil edir. Öyrətmə və öyrənmənin həqiqətən də universal olduğu bir dünya qurmaq üçün müəllim muxtariyyatının və akademik azadlığın vacibliyini vurğulayır.
Dayanıqlı İnkişaf Məqsədləri vizyonunu həyata keçirmək üçün dünya birlikdə işləyərkən, biz hökumətlərə, təhsil və özəl sektordakı tərəfdaşlarımıza müraciət edirik: yüksək ixtisaslı, dəyərli və güclü təhsil işçiləri ordusu qurmağı xahiş edirik. Bu, hər bir qızın, oğlanın, qadının və kişinin keyfiyyətli təhsil və ömür boyu öyrənmə imkanlarına malik olduğu bir dünya nəzərdə tutan 4-cü Dayanıqlı İnkişaf Məqsədini həyata keçirmək üçün vacib istiqamətdir.
Bu, bütün müəllimlərə, ali məktəb müəllimləri də daxil olmaqla, layiqli əmək şəraiti və ədalətli əmək haqqı təmin etmək deməkdir. Bu, müəllimlərin təlim və inkişafını təmin etmək deməkdir. Bu, yüksək ixtisaslı müəllimlərin sayının artırılması deməkdir, xüsusilə çox sayda qeyri-peşəkar müəllim heyəti olan ölkələrdə. Bu, tədqiqat və tədrisə lazımsız məhdudiyyətlərin aradan qaldırılması və bütün təhsil səviyyələrində akademik azadlığı müdafiə etmək deməkdir. Nəhayət, bu, dünya səviyyəsində müəllimlərin statusunu qaldırmaq deməkdir - onların cəmiyyətin möhkəmlənməsinə göstərdikləri təsiri əks etdirən və rəğbətləndirən bir şəkildə.
Bu Beynəlxalq müəllim günündə bizə qoşulun: müəllimlərin hüquq və imkanlarını elə genişləndirək ki, daha yaxşı bir dünya naminə onlar hər kəsin öyrənməsini təmin etsinlər.