XƏBƏRLƏR

İngilis dili müəllimləri üçün Təlim-resurs mərkəzi istifadəyə verilib

25.10.2016

Oktyabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elizabet Vayt və  KİV nümayəndələri iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “British Council” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunması, peşəkar kompetensiyalarının yüksəldilməsidir. Mərkəzdə müəllimlərə ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq tədris  etmək üsulları təqdim olunacaqdır. Mərkəz həmçinin müəllimlərin şifahi ünsiyyət bacarıqlarının inkişafına yardım edəcəkdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts qeyd edib ki, mərkəz müəllimlərin təcrübələrini bölüşərək ingilis dilinin daha asan və səmərəli mənimsəməsinə yardımçı olacaq.

“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Vayt mərkəzin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Daha sonra qonaqlar mərkəzlə tanış olublar.

Mərkəzdə müəllimlərin istifadəsi üçün ümumilikdə 5000-dən çox resurs toplanıb. Bura müxtəlif metodologiyalardan istifadə və müxtəlif bölmələr üzrə tədrisi inkişaf etdirmək üçün nəzərdə tutulmuş təlimat kitabları, azyaşlılar və yeni öyrənənlər üçün dərs vəsaitləri, ümumi istifadə üçün bədii əsərlər, məşhur klassik və müasir əsərlərin müxtəsər formatda nəşrləri daxildir. Müəllimlər üçün “British Council” tərəfindən dəvət olunmuş peşəkar mütəxəssislərin təlimləri, ingilis dilli moderatorla danışıq klubları, dilin gündəlik istifadəsinə istiqamətlənmiş kino saatları, yerli və xarici qonaq ekspertlərlə seminarlar təşkil ediləcəkdir.

İlkin mərhələdə Təlim-Resurs Mərkəzindən yaxınlıqda yerləşən 11 ümumi təhsil müəssisəsinin ümumilikdə 81 nəfər ingilis dili müəllimi istifadə edəcək.