TİPİİ-də "Direktorlar klubu"nun ikinci görüşü baş tutub
27.10.2016
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən yeni təyinat almış məktəb direktorları üçün yaradılan “Direktorla klubu” öz fəaliyyətini davam etdirir. “Direktorlar klubu”nun üzvləri Təhsil nazirliyin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan yeni direktorlardır.
Yeni direktorlara dəstək məqsədi ilə yaradılan klubun ikinci görüşü oktyabrın 26-da TİPİİ-də baş tutdu. Klubun formatına əsasən hər ayın sonunda direktorlaı maraqlandıran mövzular üzrə təhsil ekspertləri qonaq qismində görüşə dəvət edilir və çay süfrəsi ətrafında müzakirə təşkil olunur. Bu dəfəki qonağımız Türkiyəli təhsil eksperti Dr. Erdem Söylemez oldu. Dr. Erdem Söyləməz "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda danışdı və direktorların suallarını cavablandırdı.
Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparıldı.
Seminarın sonunda Dr. Erdem Söyləməz və klubun üzvləri ilə birlikdə TİPİİ həyətyanı sahəsində “Direktorlar klubu” adına alma ağacı əkdilər.