XƏBƏRLƏR

İmişli rayonunun ümumtəhsil məktəblərində dərs deyən müəllimlər üçün "Fənn kurikulumlarının tədrisi metodikası" ixtisasartırma proqramı üzrə təlimlər keçirilmişdir

05.12.2017

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş “Yeni fənn kurikulumları — Yeni təhsil alətləri” layihəsinin rəhbəri Mərdan Əlizadə ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu arasında müqavilə bağlanmış və İmişli rayonunun ümumtəhsil məktəblərində dərs deyən müəllimlər üçün “Fənn kurikulumlarının tədrisi metodikası” mövzusunda ixtisasartırma proqramı üzrə təlimlər keçirilmişdir. Təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları Rövşanə Qəmbərova və Bənövşə Tağıyeva tərəfindən aparılmışdır. Ümumilikdə 36 akademik saat müddətini əhatə edən təlimlər İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilmişdir. Təlimlərə 22 noyabr tarixində başlanılmış, 2 dekabrda müəllimlərin yekun qiymətləndirilməsi aparılmışdır.

Qeyd edək ki, “Yeni fənn kurikulumları – Yeni təhsil alətləri” layihəsi çərçivəsində təşkil olunan təlimlər iştirakçı müəllimlər tərəfindən maraqla qarşılanmış və əldə etdikləri bilik və  bacarıqlar onların müəllimlik kompetensiyalarının təkmilləşməsinə və gələcəkdə təlim-tədris prosesinin səmərəsinin yüksəlməsinə səbəb olacaqdır.