XƏBƏRLƏR

İnformatika fənninin tədrisi üzrə pilot layihə

25.01.2018

İnformatika  ümumtəhsil məktəblərində tədris olunan  mühüm fənlərdən biridir. Əksər dünya ölkələrinin təhsil sistemlərində onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu, gənc nəslin  formalaşmasında onun müstəsna rolu ilə izah olunur. İnformatika fənninin tədrisi zamanı şagirdlərdə məntiqi, tənqidi və alqoritmik təfəkkür tərzini inkişaf etdirmək, müasir informasiya texnologiyaları, müxtəlif texniki alətlər və proqramlaşdırma dillərindən istifadə üzrə bacarıqlar formalaşdırmaq üçün informatika müəllimlərinin üzərinə böyük məsuliyyət düşür.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu təhsil nazirinin “İnformatika fənninin tədrisi üzrə pilot layihənin həyata keçirilməsi barədə” 12 sentyabr 2017-ci il tarixli 281 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin 150 nəfər informatika müəllimi üçün “Alqoritmika - proqramlaşdırmanın tədrisi metodikası” mövzusunda ixtisasartırma proqramına start vermişdir. Təlimlərdə Alqoritmika layihəsinə cəlb olunmuş Bakı məktəblərinin müəllimləri iştirak edir. 36 akademik saatı əhatə edən ixtisasartırma təlimi fevral ayının sonuna kimi davam edəcəkdir. Təlim müddətində müəllimlər Scratch proqramlaşdırma dilindən istifadə bacarıqlarına yiyələnəcək, proqramlaşdırma dillərinin tədrisi metodikasını öyrənəcək, yeni alətlərdən istifadə bacarıqları qazanacaqlar. Layihənin sonunda müəllimlər proqramlaşdırma dilindən istifadə edərək layihələr hazırlayacaqlar. Müəllim layihələri  xüsusi hazırlanmış meyarlar əsasında  qiymətləndiriləcəkdir.

Təlim zamanı çəkilmiş şəkilləri sizə təqdim edirik.