Əməkdaşlarımız üçün maliyyə savadlılığı seminarı keçirilmişdir
09.11.2016
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirilməsi istiqamətində artıq bir neçə ildir ki, müxtəlif hədəf qruplar üçün maliyyə savadlılığının elementləri, ailə büdcəsinin tərtibi, gəlirlərdən rasional istifadə, nağdsız ödənişlər və s. mövzularda tədbirlər həyata keçirir. Bu ildən etibarən Mərkəzi Bank iş yerlərində insanların maarifləndirilməsinə yönəlmiş seminarların təşkilinə başlamışdır. İlk belə seminar 8 noyabr tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları üçün keçirilmişdir.
Mərkəzi Bankın mütəxəssisləri seminar iştirakçılarına maliyyə savadlılığı layihəsi, onun əsas elementlərindən olan şəxsi maliyyənin idarəedilməsi və istehlakçı büdcəsinin hazırlanması, kredit və onun növləri, həmçinin maliyyə savadlılığının artırılmasına intellektual dəstək kimi hazırlanmış portal (www.bizimpullar.az ) haqqında məlumat vermişlər.
Mövzuların Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşlarına lazımi səviyyədə çatdırılması məqsədilə seminar interaktiv şəkildə qurulmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.