XƏBƏRLƏR

Belarus Dövlət Pedaqoji Universitetinin nümayəndələri TİPİİ-nin qonağı oldular

06.03.2018

Belarus Dövlət Pedaqoji Universitetinin nümayəndələri TİPİİ-nin qonağı oldular

5 mart 2018-ci il tarixində  Belarus Təhsil Günləri çərçivəsində Bakıda səfərdə olan Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, pedaqoji elmlər doktoru Aleksandr  Juk və Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Svetlana Kobaçevskaya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun qonağı oldular. 

Görüşün əlaqələndiricisi, TİPİİ-nin beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarov görüşün məqsədi və təmsil etdiyi şöbə ilə Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) Beynəlxalq əməkdaşlıq şöbəsi arasında ilkin əlaqələrin  qurulması haqqında məlumat verdi. O, TİPİİ-nin gələcəkdə BDPU-nun bazasında fəaliyyət göstərəcək İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə əlavə təhsil, ixtisasartırma, təcrübəkeçmə və digər sahələrdə birgə proqramların həyata keçirilməsində maraqlı olduğunu bildirdi.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, pedaqoji elmlər doktoru, professor A. Juk  çıxışında Belarusiya və Azərbaycan əməkdaşlığının hər iki ölkə rəhbərliyi səviyyəsində dəstəkləndiyini və hazırda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirdi. O, BDPU tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramları, seminar və konfranslar barədə geniş məlumat verdi. A. Juk təmsil etdiyi universitetin pedaqoji kadrların ixtisasartırma istiqaməti başda olmaqla təhsilin müxtəlif pillələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu və bunun faydalı olacağına inandığını diqqətə çatdırdı.

TİPİİ-nin direktor müavini Namiq Nağıyev qonaqları salamladıqdan sonra Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyəti haqqında məlumat verdi. O, son illərdə ölkəmizdə aparılan təhsil islahatlarının əhəmiyyətli hissəsi kimi müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrindən danışdı. Bunun davamı olaraq təhsil işçiləri üçün keçirilən ixtisasartırma təlimləri, onların məzmunu, qiymətləndirilməsi qaydaları haqqında məlumat verdi. N. Nağıyev İnstitutun beynəlxalq ekspertlərlə əməkdaşlığının əhəmiyyətini xüsusi vurğuladı.

TİPİİ-nin Beynəlxalq layihələr şöbəsinin müdiri Azad Əhmədov qonaqlara İnstitutun beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti ilə bağlı məlumat verdi.

Tədbirin sonunda A. Juk BDPU-nun “Yol xəritəsi”ni N. Nağıyevə təqdim etdi. Xatirə şəkilləri çəkildi.