XƏBƏRLƏR

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar TİPİİ-də tədbir keçirilmişdir

30.03.2018

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar TİPİİ-də tədbir keçirilmişdir

       Bu gün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları və tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova iştirak edirdi.

       İnstitutun direktor müavini Nəzakət Mehdiyeva qonaqları salamladıqdan sonra tədbirlə bağlı məlumat verdi və soyqırımda həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 31 Mart soyqırımına həsr olunmuş bir neçə dəqiqəlik video-təqdimat izlənildikdən sonra N.Mehdiyeva daha ətraflı məlumat üçün sözü tarixçi-alim Firdovsiyyə Əhmədovaya verdi.

      Firdovsiyyə Əhmədova ilk dəfə TİPİİ-də olduğunu və bu cür auditoriya qarşısında çıxış etməyindən məmnun olduğunu qeyd edərək 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar barədə geniş məlumat verdi. O, bu ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsini xatırladaraq Azərbaycan Cumhuriyyətinin qurulmasının necə çətinlik və əzmkarlıqla başa gəlməsini vurğuladı. Tarixçi-alim, eyni zamanda tədbir iştirakçılarına təkcə soyqırım haqqında deyil, ümumilikdə ermənilərin iki yüz ilə yaxın bir müddətdə xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətindən, Azərbaycanda multikulturalizm ənənələrinin tarixinin daha qədim dövrlərə söykəndiyindən və ermənilərin ondan öz çirkin əməllərində bir vasitə kimi istifadə etməyindən danışdı.

        Tədbir direktor müavini N.Mehdiyevanın qonaq F.Əhmədovaya və tədbir iştirakçılarına təşəkkürü ilə yekunlaşdı.