XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarlarına maraq güclənir

03.05.2018

Bu gün TİPİİ-də dərsin planlaşdırılması, səmərəli keçirilməsi və adekvat qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi daşıyan “Refleksiv müəllim” layihəsinin növbəti seminarı oldu. Seminarı digərlərindən fərqləndirən o idi ki, seminarın təşkil olunmasına müəllimlər özləri təşəbbüs göstərmişdilər. Bu işdə fəallıq göstərən Günay Cəfərovaya xüsusi təşəkkürlər!

Təqdimat və müzakirədən əvvəl 5 may Beynəlxalq Əlillər Günü olduğu vurğulandı və bu münasibətlə qonaq qismində iştirak edən “Əlil qadınlar təşkilatı”nın sədri Məhluqə Rəhimova əlillərin sosial həyata inteqrasiyası və bu mənada inkluziv təhsilin vacibliyindən danışdı. Mövzu ilə bağlı bir neçə dəqiqəlik “Nurlu an” adlı sosial videoçarxı izlənildikdən sonra seminarın ənənəsinə uyğun olaraq dərsin təqdimatına və müzakirəsinə başlanıldı. Seminarda 102 №-li məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadənin “Kərpickəsən qocanın hekayəti” adlı dərsi müzakirəyə çıxarıldı. Oxu təlimi strategiyalarından, “Sinkveyn” və “Blum çiçəyi” metodundan istifadə olunaraq hazırlanan dərs icmalı müəllimlər və ekspertlər arasında maraqlı müzakirələrə səbəb oldu. Dilşad xanıma hazırladığı dərs və nümayiş etdirdiyi yüksək pedaqoji refleksiya bacarığına görə təşəkkür edirik.

Sonda isə iki müəllimi sürpriz gözləyirdi... Ötən ildən “Refleksiv müəllim” seminarlarının fəal iştirakçısı olmuş Lalə Həsənova və İlahə Məmmədova Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təsis etdiyi “Refleksiv müəllim – 2017” diplomu ilə təltif edildi. Lalə xanımı və İlahə xanımı ürəkdən təbrik edirik!

“Refleksiv müəllim – 2018”  diplomunun kimə çatacağını isə zaman göstərəcək.