"Refleksiv müəllim" seminarı Şirvanda
23.05.2018
TİPİİ-nin 2017-ci ildən başladığı, dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi ilə həyata keçirilən “Refleksiv müəllim” seminarı bu dəfə Şirvan rayonunda idi. Mayın 22-də ibtidai sinif müəllimlərinin iştirakı ilə həyata keçirilən seminarda əvvəlcə TİPİİ-nin direktoru Vəfa Yaqublu çıxış edərək “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında seminar iştirakçılarına məlumat verdi.
Daha sonra seminar iki hissədə davam etdi. Birinci hissədə Lətifə Hüseynovanın Azərbaycan dili dərsi (2-ci sinif) üçün hazırladığı “Əkinçi və canavar” mövzusunda dərs icmalı dinlənildi və müzakirəyə çıxarıldı. Müzakirələrdən iki mühüm sual yarandı və müəllimlər öz təcrübələri əsasında bu suallara cavab tapmağa çalışdılar: İbtidai siniflərdə Azərbaycan dili dərsləri dinləyib anlama, oxu, yazı kimi məsələləri nə dərəcədə əhatə edə bilir? Ev tapşırığı necə olmalıdır və ona verilən tələblər nədən ibarətdir? Bu sualların izi ilə müəllimlərin təklifi əsasında dərs icmalı yenidən daha təkmil formada yığıldı.
Seminarın II hissəsində isə Aybəniz Tağıyevanın Riyaziyyat fənnindən “Ölçü vahidləri” mövzusunda dərs icmalı (I sinif) müzakirəyə çıxarıldı. Hekayə əsasında hazırlanmış və refleksiya (Bu gün nə öyrəndim?) mərhələsi ilə yekunlaşmış bu dərs icmalı müəllimlərin qızğın müzakirəsinə səbəb oldu.
Seminarın sonunda dərsləri müzakirə edilən müəllimlərə TİPİİ-nin loqosu və şüarı (Öyrən - öndə ol!) yazılmış fincan və köynək, həmçinin TEAS Press nəşriyyatının uşaqlar üçün hazırladığı bədii və informativ kitablar hədiyyə edildi.
Şirvan rayonundan ayrılarkən “Refleksiv müəllim” seminarı ilə bağlı müəllimlərin təəssüratları bizim üçün də maraqlı idi:
"Refleksiv müəllim" seminarı ilə bağlı təəssüratlarınız necədir?
- Çox xoşuma gəldi. Mən artıq yəqin etdim ki, evə verilən tapşırıq dərsdə keçdiyim mövzuya uyğun, müvafiq bacarıqları formalaşdıran və ya inkişaf etdirən, şagirdlərin bilik və yaş səviyyələrinə uyğun olmalıdır. Və mən bu tapşırıqları mütləq yoxlayıb, uşaqlarla müzakirəyə çıxarmalıyam. Əks halda ev tapşırığının mənası olmur. Əvvəllər isə buna heç əhəmiyyət vermirdim.
Xatirə Aslanova
"Refleksiv müəllim" seminarı sizə nə qazandırdı?
- Ən əsası öyrəndim ki, hər dərsin, hər mövzunun məzmununa uyğun metodlar seçiləndə dərs həqiqətən səmərəli olur. İndiyədək, “beyin həmləsi” üsulundan yeri gəldi-gəlmədi istifadə etdiyimi anladım. İndi hər hansı üsulu seçəndə özümə “Niyə?” sualını verəcəyəm.
Lətifə Hüseynova
Bu gün keçirilən seminarla bağlı nə düşünürsünüz?
- Çox gözəl seminardır, bu cür seminarların tez-tez olmağını istəyərdik. Burada hiss etdim ki, hərdən ilk baxışda əla görünən dərs icmalı detallı təhlil zamanı o qədər də məntiqli olmur. Mən dərsə şagirdin gözü ilə baxmağı öyrəndim.
Kəbirə Cəbiyeva
- Mən bilmədiklərimi öyrəndim. Riyaziyyat dərslərində qruplara və cütlərə verilən tapşırıqların xüsusiyyətlərini özüm üçün aydınlaşdırdım. İndi daha, seminarda deyildiyi kimi, “bir başın” həll edəcəyi məsələni “iki başa” tapşırmayacağam. Hər dərsin fokus nöqtəsini - əsas məqsədini diqqətdə saxlayacağam. Verdiyim hər sualın, hər tapşırığın bir məqsədə xidmət etməsinə çalışacağam. Özüm az danışıb, şagirdləri daha çox dinləyəcəyəm.
Sərimə Ocaqova
Biz bayaq seminarda “Aha!” effektindən danışdıq. Bəs sizin üçün bu gün “Aha!” effekti yarandımı?
- Mənim üçün “Aha” effekti nitqimizin dəqiqliyinə diqqət etməyin vacibliyi ilə bağlı oldu: “Mən nə fikirləşirəm? – Bunu necə ifadə edəcəyəm? – Əslində necə dedim? – İnsanlar məni necə başa düşdü?” zənciri sanki gözümü açdı. Bu günə qədər olduğum seminarlar içərisində ən maraqlı seminar idi mənim üçün. Bu seminara təlim deyərdim, seminar deməzdim və çox bəhrələndim. Mənə elə gəlir ki, bu seminarla 5-6 aylıq bazamız yaranmış oldu. Hər birinizə təşəkkür edirik ki, Bakıdan əziyyət çəkib, gəlmisiniz.
Aygün Abbasova