"Rəqəmsal bacarıqlar" layihəsində iştirak edən pedaqoqlarla görüş
07.06.2018
İyunun 6-da “Rəqəmsal bacarıqlar” layihəsinin (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib.
Görüş Təhsil Nazirliyi, “Rəqəmsal bacarıqlar” layihəsinin icraçısı, informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə təşkil olunub.
Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, “Alqoritmika” şirkətinin rəhbərliyi, məktəb direktorları ilə yanaşı cari tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda tədris edən 150-dən çox müəllim iştirak edib.
Təhsil nazirin müşaviri Həsən Həsənli tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
Qeyd olunub ki, informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.
Təhsil İşçilərinin Peşəkar İnki şafi İnstitutunun direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov çıxış edərək tədbirin gündəmini təqdim edib. Həmçinin iştirakçılara layihənin uğuruna qatdıqları töhfələr üçün təşəkkürünü bildirib.
“Alqoritmika” şirkətinin yaradıcısı və baş direktoru Andrey Lobanov tərəfindən layihə çərçivəsində “XXI-ci əsrin bacarıqları” mövzusunda keçirilmiş araşdırmanın nəticələrinin təqdimatı keçirilib.Daha sonra layihənin Azərbaycanda ilk tədris ilinin xülasəsi, nəticələr və gələcək planlar haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində pedagoji fəaliyyətində nümayiş etdirdiyi yüksək nəticələrə görə seçilmiş müəllimlər təşəkkürnamə ilə təltif edilib.