XƏBƏRLƏR

"Rəqəmsal bacarıqlar" layihəsinin növbəti uğuru

14.06.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən həyata keçirilən “Alqoritmika - proqramlaşdırmanın tədrisi metodikası” təlimlərində iştirak etmiş müəllimlərin 5-ci sinif şagirdləri arasında müsabiqə keçirilb. Müsabiqə şagirdləri Scratch proqramlaşdırma mühitində yaradıcı özünüreallaşdırmağa təşviq etmək, iştirakçıların bilik səviyyəsini qiymətləndirmək, uşaqlar arasında populyarlıq qazanmış mövzu və qəhrəmanları müəyyənləşdirmək məqsədi ilə təşkil edilib.

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində həyata keçirilən müsabiqədə Bakı şəhəri üzrə layihənin həyata keçirildiyi 45 məktəbin şagirdləri iştirak edib və müsabiqəyə 250-dən çox şagird 300-dən çox layihə təqdim edib. Beləliklə, müəyyən olunmuş 4 nominasiyada 14 layihə seçilərək mükafatlandırılıb.

İştirakçılar müsabiqə üçün nəzərdə tutulmuş tapşırığı fərdi və ya komanda şəklində hazırlayıblar. Müsabiqənin hər mərhələsi bir həftə davam etməklə, 2 mərhələdə keçirilib. Birinci mərhələ üçün şagirdlər 4 nominasiyada  - cizgi filmi və ya interaktiv kitab, oyun, faydalı proqram təminatı və tədris resursu üzrə layihələr hazırlayıblar. İkinci mərhələdə müsabiqədə iştirak hüququ qazanmış layihələr “Alqoritmika Azərbaycan” MMC-nin metodistlərindən və proqramçılarından ibarət ekspert komissiyası tərəfindən qiymətləndirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən tədbirdə qaliblər və onların məşqçiləri qismində iştirak edən müəllimlər müxtəlif mükafatlar və fəxri fərmanlar, bütün şagirdlər isə “İştirakçı sertifikatı” ilə təltif edilib.