XƏBƏRLƏR

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsinə - test imtahanına start verildi

16.07.2018

Bu gün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsinə - test imtahanına start verildi. 

Cari ilin 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı qeydiyyatdan keçmiş 50 697 namizədin  ərizələrdəki göstəriciləri araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub.

Qeyd edək ki, ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.  

Test imtahanı mərhələsində namizədə ixtisas,  metodika  və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.