XƏBƏRLƏR

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

01.08.2018

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.

İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya  üzrə test imtahanları keçirilib.   

Müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşulub. Onlar arasında ən yüksək nəticə riyaziyyat fənni üzrə (60 bal) qeydə alınmışdır.

Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcəkdir.

Qeyd edək ki, namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.