Hekayə müsabiqəmizin qalibi mükafatlandırıldı
15.08.2018
“Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” münasibəti ilə TİPİİ-nin elan etdiyi hekayə müsabiqəsinin qalibi bu gün mükafatlandırıldı. Müsabiqənin qalibi - Balakən rayon Tülü kənd 2 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülfət Mustafayeva, söz verdiyimiz kimi, TİPİİ-yə dəvət edildi və yarımtəntənəli, yarımişgüzar şəraitdə müəllimə hədiyyəsi təqdim olundu: Ülfət Mustafayeva “Yazı işinin təşkili metodikası” mövzusunda təlimin keçirildiyi auditoriyada dəvət edildi, təlim iştirakçılarına təqdim olundu, qalib hekayə hamı üçün yenidən oxundu. Müəllimlər hekayə ilə bağlı ilk fikirlərini bildirdilər. Qeyd edək ki, sonrakı təlim günlərində bu hekayənin mətni daha dərin təhlil ediləcək, iştirakçılarımız üçün öyrənmə alətinə çevriləcəkdir.
Sonra söz qalibimizə verildi. Hekayənin yazılma və müsabiqəyə qoşulma prosesindən danışan müəllifin “Bu hekayə ilə XXI əsrdə hələ də mövhumata, caduya inanan insanları tənqid etmək istədim” fikri alqışla qarşılandı. Sonda müsabiqənin qalibinə hədiyyə təqdim olundu.
Xatırladırıq ki, müsabiqəyə 10 hekayə təqdim edilmiş və onların arasından dinamikliyi, incə yumoru və bədiiliyi ilə digərlərindən fərqlənən “Yazı” hekayəsi qalib elan edilmişdir. Hekayə ilə buradan tanış ola bilərsiniz.