XƏBƏRLƏR

«İnklüziv siniflərdə təlimin təşkili" mövzusunda seminar

27.08.2018

Bu gün TİPİİ-də “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsi istiqamətində ADPU-nun region filiallarının  bir qrup müəllim-professor heyəti üçün «İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda 36 akademik saatlıq seminara start verilmişdir. Seminarın məqsədi dövlət təhsil standartlarının reallaşdırılması çərçivəsində xüsusi ehtiyacları olan şagirdlərin təliminin təşkili istiqamətində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyələrini artırmağa xidmət edəcək peşəkar kadrların potensialının gücləndirilməsidir. Seminar Heydər Əliyev Fondunun “Regionların İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.  

Proqram aşağıdakı mövzuları əhatə edir:

  • İnklüziv təhsil nədir?

  • İnklüziv təhsilin hüquqi bazası;

  • Sağlamlıq imkanları məhdud olan uşaqların xüsusiyyətləri, psixofizioloji inkişafı;

  • İnklüziv sinifdə pedaqoq;

  • İnklüziv sinifdə təlim prosesinin təşkili;

  • Təlimin diferensiallaşdırılması;

  • Ailə və mütəxəssislərin birgə fəaliyyətinin təşkili metodikası;

  • İnklüziv siniflərdə qiymətləndirmənin aparılması.

Qeyd edək ki, Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.