XƏBƏRLƏR

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin II turu

24.08.2018

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. Müsabiqənin nəticələrinə əsasən namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçə biləcəklər. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən  – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər  elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 26 avqust saat 23:59-dək davam edəcək.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 30-31 avqust tarixlərində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.