XƏBƏRLƏR

"İnkişafa aparan təhsil" mövzusunda rəngkarlıq müsabiqəsinin final - sərgi və təltifetmə mərhələsi

31.08.2018

Bu gün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə həyata keçirilən uşaq və gənclər arasında “İnkişafa aparan təhsil” mövzusunda rəngkarlıq müsabiqəsinin final – sərgi və təltifetmə mərhələsi keçirilmişdir.

Müsabiqənin məqsədi uşaq və gənclərin şüurunda təhsilin yerini müəyyənləşdirmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, yaradıcılığın inkişafa yönəlmiş aspektlərini qabartmaqdan ibarət idi.

7-17 yaş arasında olan ölkənin ümumtəhsil məktəblərinin şagirdlərinin və məktəbdənkənar müəssisələrinin dərnək üzvlərinin iştirak etdiyi müsabiqəyə 17 təhsil müəssisəsindən 68 rəngkarlıq nümunəsi təqdim edilmişdir. Təqdim olunan nümunələr 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və TİPİİ-nin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən 7-9, 10-12, 13-17 yaş kateqoriyası üzrə qiymətləndirilmişdir.

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalareyasında keçirilən tədbirdə qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdır.