"Refleksiv müəllim" seminarı Cəlilabadda
11.09.2018
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçən ildən etibarən start verdiyi və bu ildən artıq bölgələrdə də həyata keçirilən “Refleksiv müəllim” seminarı bu gün Cəlilabad rayonunda idi.
Dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi ilə həyata keçirilən seminar Cəlilabad rayonu 2 nömrəli tam orta məktəbdə bir qrup ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutdu. Seminarın əvvəlində TİPİİ-nin direktoru Vəfa Yaqublu çıxış edərək “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında iştirakçılara məlumat verdi.
Daha sonra Cəlilabad rayon 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Hümmətlinin Azərbaycan dili dərsi üçün hazırladığı “Danışıq səsləri” mövzusunda dərs icmalı dinlənildi. Aynurə Hümmətlinin təqdim etdiyi dərs icmalından sonra digər müəllimlər də müzakirəyə qoşularaq həmin dərslə bağlı təklif və iradlarını bildirdilər. Müəllimlərə ideyalarını həmkarlarına təqdim etmək, fikir mübadiləsi aparmaq imkanı verən müzakirə “Şagirdlərə verilən tapşırıqlar necə olmalıdır? Müəllimlər həmin tapşırıqları yoxlayarkən hansı üsullardan istifadə etməlidir?” sualı ətrafında davam etdi.
Sonda bölgələrə səfərimizdəki ənənəmizə sadiq qalaraq dərsi müzakirə edilən müəllimə göstərdiyi cəsarət və öyrənmə həvəsinə görə TİPİİ-nin loqosu və şüarı (Öyrən - öndə ol!) yazılmış fincan və köynək hədiyyə etdik.