XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarı Biləsuvarda

14.09.2018

Sentyabrın 12-də Biləsuvar rayon 4 nömrəli tam orta məktəbdə TİPİİ-nin təşəbbüsü ilə “Öyrətməyi öyrədirik!” devizi altında “Refleksiv müəllim” seminarı keçirilmişdir.

Psixoloji rahat mühitdə dərs planlarını, icmallarını, ideyalarını həmkarlarına və ekspertlərə təqdim etmək və onun müzakirəsində iştirakla öz şəxsi təcrübəsini genişləndirmək imkanı verən seminarda ibtiai sinif müəllimləri iştirak edirdi. Qaydalara uyğun olaraq 90 dəqiqə davam edən “Refleksiv müəllim” seminarı məqsədini və mahiyyətini öyrəndikdən sonra Biləsuvar müəllimlərində də maraq doğurdu.

Xatırladaq ki, seminarların keçirilməsində isə bir neçə məqsədimiz var:

- Məktəb metodbirləşmələrinə konstruktiv dərs müzakirələrinin modelini təqdim edirik;

- Nəticəyə aparan refleksiv suallar qoymağı öyrənirik və öyrədirik;

- Müəllimlər arasında buzqıran effekti yaratmaqla şəbəkələşmə, birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsi yaradırıq;

- Müəllimlərə hazırladıqları dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılayırıq;

- İstənilən dərsi daha da uğurlu etmək imkanlarının sonsuz olduğunu, ideal dərs anlayışının nisbi olduğunu nümayiş etdiririk.

6 saylı orta məktəbin ibtidai sinif müəllimi Aynurə Feyziyevanın təqdim etdiyi “Bayraqlar” mövzusunda dərs icmalı müəllimlər arasında refleksiya yaratdı. Müəllimlər dinlədikləri dərs haqqında öz fikir və mülahizələrini, təkliflərini yoldaşları ilə bölüşdülər, mübahisəli fikirlərə aydınlıq gətirildi.

D.Poznerin inkişaf formulu (TƏCRÜBƏ + REFLEKSİYA = İNKİŞAF) əsasında aparılan seminarın sonunda öz təcrübəsini bölüşmək cəsarəti nümayiş etdirən müəllimə TİPİİ-nin “Öyrən - öndə ol!” loqosu yazılmış hədiyyələri təqdim olundu.