XƏBƏRLƏR

Direktor, direktor müavini və müəllimlər üçün təlimlərin üçüncü – müsahibə mərhələsi

24.10.2018

Bu gün Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır.

Oktyabrın 24-də start verilən müsabiqənin üçüncü – müsahibə mərhələsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilir.

Xatırladaq ki, təlimlərin keçirilməsində məqsəd müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

Müsabiqənin sonuncu mərhələsində - təlim prosesində isə müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, statistika və təhlil, maliyyənin idarəolunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.