XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarına bu dəfə tarix müəllimləri toplaşdı

25.10.2018

Bu gün TİPİİ-də "Refleksiv müəllim" seminarının növbəti görüşü tarix müəllimləri ilə baş tutdu. Müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək və s. bacarıqları formalaşdırmaq məqsədi daşıyan seminarda Sumqayıt şəhər 7 nömrəli orta məktəbin müəllimi Lamiyə Bayramovanın "Qədim Misir dövləti" mövzusunda dərsi dinlənildi. Bütün mərhələləri əhatə etmək istəyi ilə, hekayə və esse yazmaq kimi tapşırıqlarla qurulan dərs müəllimlərin maraqlı şərhlərinə, sual və təkliflərinə səbəb oldu.

Dərsin müzakirəsi zamanı müəllimlər "Şagirdi növbəti dərslərdə yoxlanılmayacaq ev tapşırıqları ilə yükləməyə ehtiyac varmı?", "Esse ilə hekayə arasındakı fərqlər nələrdir?", "7 mərhələli interaktiv dərs modelini niyə düşünmədən bütün dərslərdə və fənlərdə tətbiq edirik?" kimi suallar ətrafında düşündülər.  

Növbəti mərhələdə isə təkliflər əsasında dərsin daha təkmil və səmərəli forması hazırlandı, "Beyin həmləsi konkret suallarla tətbiq olunmalıdır", "Tədqiqat sualı konkret olmalıdır" və s. kimi nəticələrə gəlindi.  

Bu dəfəki "Refleksiv müəllim" seminarı elə tarix dərslərinə yaraşan şəkildə davam etdi – müzakirə, fikir ayrılıqları və tarixin qaranlıq səhifələrinə baş vurmaqla!

Seminarda maraq və öyrənmə eşqi ilə iştirak edən bütün müəllimlərə təşəkkür edirik!