TİPİİ-də "Social Studies in Azerbaijan" layihəsi çərçivəsində www.socialstudies.az saytının təqdimatı
12.11.2018
Bu gün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş, 23 nömrəli məktəbin “Social Studies in Azerbaijan” layihəsinin yekunu - www.socialstudies.az saytının təqdimatı keçirilmişdir.
TİPİİ-də bir qrup ingilis dili müəllimlərinə təqdim olunan layihənin məqsədi ümumi orta təhsil pilləsi üçün (5-7-ci siniflər) ingilis dilində “İctimaiyyətin araşdırmaları” (Social Studies) fənni üzrə elektron tədris resurslarının yaradılmasıdır.
Təqdimat zamanı layihənin məqsədinə uyğun olaraq yaradılmış www.socialstudies.az saytı və 4 tematik blok üzrə saytda qruplaşdırılmış mövzular müəllimlərə təqdim olundu. Saytı kateqoriyalar üzrə (“Mənim ölkəm”, “Mənim dünyam”, “Müstəqillik dövrü”, “Azərbaycanın dahi insanları”) izah edən məktəbin direktoru Yuliya Kərimova onun əhəmiyyətliliyi, istifadə qaydaları və praktikliyi barədə məlumat verdi.
Cəmiyyətimiz üçün vacib mövzuları və onları interaktiv üsullarla şagirdlərə öyrətmə yollarını təklif edən www.socialstudies.az saytındakı resurslar bütün müəllim və şagirdlər üçün istifadəyə açıqdır.