Şəhər ilə region məktəblərinin əməkdaşlıq və inteqrasiyası
23.11.2018
Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalibi, akademik Zərifə Əliyeva adına lisey tərəfindən təqdim olunmuş “Şəhər və region məktəblərinin əməkdaşlığı və inteqrasiyası” layihəsi lisey və Quba rayonu II Nügədi kəndi 2 nömrəli tam orta məktəbin əməkdaşlığı ilə həyata keçirilmişdir. Təhsilin keyfiyyətinə görə aşağı göstəriciləri olan region məktəbi ilə əməkdaşlıq qurmaq, yüksək təhsil ənənələrini onlara ötürmək məqsədi daşıyan layihə çərçivəsində Quba məktəbinə müxtəlif səfərlər edilmiş, məktəbin şagird və müəllimləri Z.Əliyeva adına liseyin qonağı olmuş, səfər müddətində iştirakçılar dərslərdə və dərsdənkənar fəaliyyətlərdə yaxından iştirak etmişlər.
Layihənin proqramına uyğun olaraq kənd məktəbinin direktoru, müəllim kollektivi, işçi heyəti ilə söhbətlər aparılmış, bütün fənn müəllimlərinin tədris zamanı qarşılaşdığı problemlər dinlənilmiş, həmin problemlərin həllində onlara göstəriləcək köməklik layihənin planına daxil edilmişdir. Eyni zamanda layihə çərçivəsində məktəb üçün nəzərdə tutulan hədiyyələrin müəyyən hissəsi (printer aparatı, dərs vəsaitləri, dəftərxana ləvazimatları, test kitabları, əlavə dərs vəsaitləri) məktəbə təhvil verilmişdir.
30.09.2018-ci il tarixində məktəbə liseyin fənn metodbirləşmələrinin hazırladığı diaqnostik qiymətləndirmə üçün Azərbaycan dili, Riyaziyyat və İngilis dili (9-cu siniflər üçün), Azərbaycan dili və Riyaziyyat (11-ci siniflər üçün) fənləri üzrə test tapşırıqları göndərilmişdir.
Növbəti səfərdə isə layihə çərçivəsində 9, 10, 11-ci sinif şagirdlərinə, həmçinin fənn müəllimlərinə yeni təlim və qiymətləndirmə üsulları ilə bağlı dərs və məşğələlər keçirilmişdir.
Qeyd edək ki, 20 iyun-20 dekabr tarixlərini əhatə edən “Şəhər və region məktəblərinin əməkdaşlığı və inteqrasiyası” layihəsinin məqsədi təhsilin keyfiyyətinə görə aşağı göstəriciləri olan region məktəbləri ilə əməkdaşlıq qurmaq, yüksək təhsil ənənələrini onlara ötürməkdir.