XƏBƏRLƏR

"Dünyanın ən böyük dərsi" Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edir

27.11.2018

27 noyabr tarixində 23 nömrəli tam orta məktəbdə "Dünyanın ən böyük dərsi" keçirilmişdir. Bu dərs YUNİSEF-in Azərbaycan nümayəndəliyinin, İDEA İctimai Birliyinin və TİPİİ-nin iki aydan çox davam edən birgə layihəsinin son tədbiri idi. Xatırladırıq ki, cari ilin sentyabr ayında 10 Bakı, 10 Xaçmaz məktəbindən ümumilikdə 40 nəfər coğrafiya və biologiya müəllimi TİPİİ əməkdaşlarının dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi metodikası" mövzusunda 2 günlük seminarda iştirak etmiş, sonra bu dərsləri öz şagirdləri ilə sınaqdan keçirmişdilər. 

Bugünkü dərsin formatı qeyri-adi idi. Layihədə iştirak etmiş 10 Bakı məktəbinin fəal şagirdləri, onların müəllimləri, Azərbaycan Respublikasının təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, YUNİSEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov, İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov birlikdə DİM-ə aid konkret təlim tapşırığı üzərində işlədilər. Dərsin moderatoru - TİPİİ-nin əməkdaşı Vüsalə Həsənova həm şagirdləri, həm də rəsmi qonaqları fəal müzakirəyə cəlb edə bildi. "Dünyanın ən böyük dərsi"nin "Qlobal fikirləş, lokal hərəkət et!" şüarı ilə dərs sona çatdı. 

Öyrənmə və öyrətmə isə davam edir. Bu təşəbbüsə qoşulmaq istəyən müəllimlərimizə saytımızdakı müvafiq informasiya və dərs icmalları ilə tanış olmağı təklif edirik.