XƏBƏRLƏR

"Refleksiv müəllim – 2018" diplomu təqdim edildi

25.01.2019

24 yanvar tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda bir qrup müəllimin iştirakı ilə ənənəvi “Refleksiv müəllim” seminarı keçirilib. Seminarın açılışında bildirilib ki, ötən il ərzində 5 müxtəlif fənn üzrə (Azərbaycan dili, Tarix, Rus dili, Riyaziyyat, Biologiya) 9 seminar keçirilmiş, seminarlarda ümumilikdə 258 nəfər müəllim iştirak etmişdir. 2018-ci ildə ilk dəfə seminar ölkənin 3 rayonunda – Şirvan, Cəlilabad və Biləsuvarda keçirilmişdir. Seminarda ötən ilin nəticələrinə əsasən “Refleksiv müəllim” diplomunun sahibi elan edilib. Bu, 102 nömrəli Bakı məktəbinin ibtidai sinif müəllimi Dilşad Şeyxzadədir. Müəllimə diplom və İnstitutun adlı hədiyyələri təqdim edilib.

Yeni ilin ilk seminarında 215 nömrəli məktəbin musiqi müəllimi Zemfira Əliyevanın təqdimatı olmuşdur. Layihənin məqsədinə uyğun olaraq seminar iştirakçıları – eyni fənni tədris edən  müəllimlər - əvvəlcə  dərs icmalını müzakirə etdilər, təqdimatın mövzusu ətrafında sual, təklif və şərhlərini verdilər. Daha sonra bu təkliflər əsasında  dərsin daha təkmil və səmərəli icmalı hazırlandı.

Qeyd edək ki, ayda 1 dəfə keçirilən “Refleksiv müəllim” seminarının məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq; istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə,  dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.