Müəllimlərin Lester Universitetinə təhsil səfəri
07.02.2019
Ölkənin ümumitəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimlərinin Böyük Britaniyanın Lester Universtetinə təhsil səfəri davam edir. Səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, eyni zamanda onların mentorluq bacarıqlarını təkmilləşdirməklə qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir. Təlim proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən müvafiq şəkildə istifadə etmək, ölçüləbilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqəni təmin etmək, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsini təşkil etmək kimi məsələlər daxildir. Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olurlar. Təlimin sonunda müəllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayacaq və dəyərləndirmə üçün Universitetin nümayəndələrinə təqdim edəcəklər.