Beynəlxalq Ana Dili Günü
21.02.2019
YUNESKO-nun Baş direktoru Odri Azulayın Beynəlxalq Ana Dili Günü münasibətilə
21 fevral 2019-cu il tarixli müraciəti
“Dilimiz göz yaşı tökür, çünki öz övladları onu ağır yükü ilə birlikdə tək qoyub qaçır.” Yuseyno Qey Kosaan (Seneqal). “Volaf” (Seneqalda tayfa adıdır) adlı poemadan.
YUNESKO-ya görə, hər bir dil ictimai həyatın bütün sahələrində tanınmağa və daha çox qiymətləndirilməyə layiqdir. Lakin bu hər zaman belə deyil. Bütün dillərin milli dil, rəsmi dil və ya tədris dili kimi mütləq statustları yoxdur. Bu vəziyyət ana dilinin diqqətdən kənar qalmasına və bir müddətdən sonra yoxa çıxmasına səbəb ola bilər.
Beynəlxalq Ana Dili Gününün 20-ci ildönümündə bütün dillərin əhəmiyyətini vurğulamalı və onların sülhün bərqərar olmasına, dayanıqlı inkişafın dəstəklənməsinə təsirini unutmamalıyıq.
Məktəbin ilk illərində təməl oxu, yazı və hesablama bacarıqlarının əldə edilməsini asanlaşdırdığı üçün ana dili savadlılıqda vacib faktordur. Bu bacarıqlar şəxsi inkişafın əsasını təşkil edir. Ana dili yaradıcı müxtəlifliyin və mənşəyin unikal bir ifadəsi olmaqla yanaşı, bilik və innovasiyanın mənbəyidir.
Görüləcək çox iş var. Məktəbin ilk illərində şagirdlər nadir hallarda ana dillərində oxuyurlar. YUNESKO-nun verdiyi məlumata görə, dünya əhalisinin təxminən 40 faizi danışdığı və anladığı dildə təhsil ala bilmir. Ana dilinin ümumi qavramanı və digər dillərin öyrənilməsini asanlaşdırdığını göstərən tədqiqatlara baxmayaraq, bu vəziyyət dəyişmir.
BMT-nin Azsaylı Xalqların Hüquqlarına dair Bəyannaməsində qeyd olunduğu kimi azsaylı xalqlar həmişə öz dillərində təhsil almaq istədiklərini ifadə etmişlər. 2019-cu il Beynəlxalq Azsaylı Xalqlar Dili İli olduğu üçün bu ilin Beynəlxalq Ana Dili Gününün mövzusu sülh, inkişaf və barışda regional dillərin rolu olacaqdır.
Azsaylı xalqlar təxminən 370 milyondur və onların dilləri, demək olar ki, dünyada istifadə olunan 7000 dilin böyük əksəriyyətini təşkil edir. Bir çox azsaylı xalqlar təcrid, diskriminasiya, ifrat yoxsulluqdan əziyyət çəkməyə davam edir və onların hüquqları pozulur.
Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədinə və heç kəsi unutmamaq hədəfinə görə, azsaylı xalqların öz dillərində təhsil alması vacibdir.
Bu Beynəlxalq Ana Dili Günündə mən YUNESKO-ya üzv dövlətləri, həmkarlarımızı və təhsil tərəfdaşlarımızı azsaylı xalqların hüquqlarını tanımağa və onları həyata keçirməyə dəvət edirəm.