Direktorlar üçün maarifləndirici seminarlar davam edir
06.05.2019
Bu gün TİPİİ-də inklüziv təhsillə bağlı maarifləndirici xarakterli növbəti seminar keçirildi. Bakı şəhəri üzrə məktəb rəhbərlərinin toplaşdığı seminarda məqsəd inklüziv təhsil haqqında direktor və müəllimləri məlumatlandırmaq, onların bu istiqamətdə görəcəyi işlərdən danışmaqdır.
Seminarın əvvəlində inklüziv təhsilin mahiyyəti, hüquqi əsasları, Azərbaycanda tətbiqi və s. barədə iştirakçılara mərhələli şəkildə məlumat verildi. Direktorlar daha sonra sağlamlıq imkanları məhdud uşaqların sinif otağına gəlməsi ilə məktəbdə yarana biləcək problemlər və onların həll yollarından danışdılar. Müəllimlər müzakirələr əsnasında o qənaətə gəldi ki, inklüziv təhsilin təşkilində ən başlıca şərtlərdən biri məktəbdə düzgün psixoloji mühit yaratmaqdır. “Bəs bu mühiti necə yaratmalı?” sualına cavab axtaran iştirakçılar həmkarları ilə öz təcrübələrini bölüşdülər.
Sonrakı mərhələdə inklüziv təhslilin fəlsəfəsini əks etdirən video-materialları izləyən direktorların təəssürat və düşüncələri öyrənildi.
Sonda iştirakçılar İnstitutda heç bir əlavə maddi vəsait tələb etmədən, tullantı materiallarından hazırlanaraq yaradılan öyrədici mühitlə, bu materialları tədris prosesində öyrədici vasitəyə çevirməyin yolları ilə tanış oldular.