Məktəb psixoloqları üçün seminarlar keçirilir
13.05.2019
10 və 13 may tarixlərində TİPİİ-də məktəb psixoloqları üçün “Psixosomatika. Psixoloji iş zamanı somatik xəstəliklərin nəzərə alınması” mövzusunda seminarlar keçirildi.
Hər biri 90 dəqiqə davam edən seminarlarda iştirakçılar “Psixosomatik xəstəlik nədir?”, “Bu xəstəliklərin yaranmasının əsas psixoloji mexanizmləri hansılardır?” kimi suallara şərh verdilər, "Psixosomatikanın mahiyyəti", "Dağıdıcı fikir və hisslər", "Şüuraltının pozitiv niyyəti” anlayışı", "Xəstəliklərin psixoloji diaqnostikası" və s. mövzular müzakirə olundu.
Ümumilikdə 50-dən çox psixoloqun iştirak etdiyi seminarların yekun qənaəti isə bu cür idi: Xəstəliklər insanların fikir və hisslərinin xarici təzahürüdür. Psixoloji iş zamanı həmin xəstəliklərin psixoloji səbəblərini bilmək xəstə ilə bağlı diaqnostik təsəvvür də yaradır.
Məlumat üçün qeyd edək ki, bu cür seminarların keçirilməsində məqsəd psixoloji işin düzgün təşkil olunmasında məktəb psixoloqlarına kömək etmək, onların bu sahədə nəzəri bilik və praktik bacarıqlarını təkmilləşdirməkdir. Hər ay 1 dəfə keçirilməsi planlaşdırılan “Məktəb psixoloqu” seminarlarının növbəti mövzusu psixoloqların istəyinə əsasən müəyyən ediləcəkdir.