XƏBƏRLƏR

İnklüziv təhsildə müəllim səriştəsinin artırılması üçün növbəti təlim

14.05.2019

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və UNİCEF-in icra etdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində may ayının 13-dən etibarən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər komandası tərəfindən təlimçilərin növbəti təlimi keçirilir.

Təlimlərin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək və onları universitet və məktəb müəllimlərinin ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır.

Layihələr çərçivəsində təlimlərə Bakı, Gəncə, Sumqayıt şəhərləri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından cəlb olunmuş 54 müəllim ilkin mərhələdə qeyd olunan proqram əsasında 600-ə yaxın universitet müəlliminin təlimləndirilməsində iştirak ediblər.

Təlimlər zamanı təlimçilərə inklüziv təhsildə əməkdaşlıq, xüsusi təhsil mütəxəssisləri və digər peşə sahibləri ilə əməkdaşlıq, inklüziv sinif, inklüziv siniflərdə qiymətləndirmə, ailə və uşaq dəstək planları ilə bağlı geniş məlumat verilib.

Qeyd edək ki, 15 mayadək davam edəcək bu qısa təlim kursu fevral ayında keçirilmiş daha geniş ixtisasartırma təlimlərinin davamıdır.