XƏBƏRLƏR

"İnklüziv məktəb" seminarı yeni qrupla

20.05.2019

2018-ci ildən etibarən inklüziv təhsil mövzusunda maarifləndirmə məqsədi ilə həyata keçiridiyimiz “İnklüziv məktəb” seminarı 20 may tarixində 28 nəfər direktordan ibarət yeni qrupla öz işini davam etdirdi.

Seminarda dünya təcrübəsində, eləcə də Azərbaycan təhsilində bu istiqamətdə keçilən yoldan - diskriminasiya, seqreqasiya, inteqrasiya və inklüziyadan danışıldı. Eyni zamanda sağlam psixoloji mühit, əlilliyi olan uşaqlarla düzgün davranış qaydalarından, “hamı ilə eyni və bərabər münasibət”dən söhbət getdi. Məktəb rəhbərləri “Sizin məktəb inklüziv olarsa, hansı problemlər yarana bilər?” və “Bu halda yaranan problemlərin mümkün həll yolları hansılardır?” suallarına cavab axtarmaqla problemləri əvvəlcədən görməyə çalışdılar.

Fasilə zamanı əməkdaşımız Fərqanə Seyidli direktorları TİPİİ-də ibtidai sinif müəllimləri üçün nümunə olaraq yaradılan öyrədici mühitlə tanış etdi. Tullantı materiallarının yenidən “həyata qaytarılması”, öyrədici vasitəyə çevrilməsi direktorlarda  maraq yaratdı. Onların bu təcrübədən öz məktəblərində də istifadə edəcəyinə ümid edirik.

Seminarın ikinci hissəsi inklüziv təhsilin hüquqi əsasları, müəllimləri refleksiyaya təşviq edən video-materialların izlənilməsi, sual və müzakirələrlə davam etdi. Ümumi qənaət belə oldu ki, diferensial təlimin əsaslarını bilən müəllim üçün inklüziv sinifdə işləmək o qədər də böyük problem deyil.