Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblər XI Beynəlxalq Gənclər Ekoloji Forumunda
31.05.2019
26-30 may tarixlərində Rusiya Federasiyasının Xantı-Mansiysk Vilayətində YUNESKO və Xanti-Mansiysk Vilayətinin Administrasiyasının dəstəyi ilə "Bir planet - bir gələcək" adlı XI Beynəlxalq Gənclər Ekoloji Forumu keçirilmişdir. Rusiya Federasiyasının 5 regionundan və dünyanın 8 ölkəsindən iştirakçıları birləşdirən həmin tədbirdə YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvləri olan Bakı şəhəri 220 nömrəli məktəb-liseyin və Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin nümayəndələri iştirak etmişdir.
Dünya ictimaiyyəti Yer kürəsindəki istiləşmədən narahatdır. Bu prosesi dayandırmaq üçün yeni ideyalar və yanaşmalar vacibdir. Bu forum YUNESKO-nun təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilir. Onun məqsədi gəncləri mədəni və təbii irsin qorunmasına cəlb etmək, dayanıqlı inkişaf naminə gənclərin potensialını artırmaqdır. Forumda bir sıra müsabiqələr keçirilmişdir. "Forumun ən fəal iştirakçısı" nominasiyasında 220 nömrəli məktəbin şagirdi Hüseyn Zülfüqarov qalib seçilmiş, diplom və plaket ilə təltif edilmişdir. H.Zülfüqarov həm də "Meşədən məktəbə dörd mövsüm" adlı layihəsini təqdim etmiş və Xüsusi Diplomla təltif edilmişdir.
Forumda Lənkəran məktəblisi Siddiqə Şirəlizadə "Ölkəsi haqqında ən yaxşı yaradıcı təqdimat" nominasiyasında Xüsusi Diplomla təltif edilmişdir.
Şagirdlərimizlə birlikdə Ekoloji Forumda Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin direktoru Yeganə Əsgərova və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Ofeliya Qafarova iştirak etmişlər.