XƏBƏRLƏR

İnklüziv cəmiyyət məktəbdən başlayır

03.06.2019

TİPİİ inklüziv təhsilə dair seminarları ilə direktorlar arasında maarifləndirmə işini davam etidrir. Bu məqsədlə növbəti direktorlar qrupu ilə görüş 3 iyun tarixində baş tutdu.

Güclü emosional reaksiyalarla fərqlənən seminarda direktorlar inklüzivliyin məktəbə gətirəcəyi problemlərlə bağlı narahatlıqlarından danışdılar. Fərqli fikirlər səsləndi: sağlamlıq imkanları məhdud uşaqların sinfə gəlişi ilə bütün tədris prosesinin alt-üst olacağı, digər şagirdlərin valideynlərinin bu məsələyə reaksiyası, məktəblərin infrastrukturu, müəllim və şagirdlərin psixoloji baxımdan prosesə hazırlığı və s. Ancaq seminar qaydalarından biri də bu idi ki, məktəb rəhbərləri qaldırılan hər problemin məktəbin daxili imkanları hesabına həlli yollarını da verməli idilər. Müxtəlif həll yolları müzakirə edildi. Onlardan biri sinifdə yaranacaq narahatlıqların qarşısını almaq üçün inklüziv siniflərdə dərs deyəcək müəllimlərin müəyyən meyarlar əsasında seçilməsi ideyası idi.

Sonra cəmiyyətdə və təhsildə inklüziya dəyərlərini təbliğ edən videoçarx  və pedaqoji mövzuda animasiya filmi izlənildi. Pedaqoji Şuralarda videomateriallardan müzakirə və öyrənmə resursu kimi istifadə etmək təklifi rəğbətlə qarşılandı.

Seminararası fasilədə məktəb rəhbərləri TİPİİ-də yaradılmış nümunəvi öyrədici sinif mühiti ilə tanış oldular. Bu auditoriya ibtidai sinif müəllimləri ilə iş üçün yaradılmışdır və tullantı materiallarından istifadə etməklə manipulyativlər hazırlamaq və onlardan istifadə etmək imkanlarını nümayiş etdirir.

Məlumat üçün qeyd edək ki, TİPİİ “İnklüziv məktəb” mövzusunda seminarları ötən ildən etibarən, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsinə dəstək məqsədi ilə təşkil edir.