XƏBƏRLƏR

"Canlı nağıllar" seminarı

04.05.2019

1-4 may tarixlərində TİPİİ-də məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri və ibtidai sinif müəllimləri üçün “Canlı nağıllar” mövzusunda seminar təşkil edildi. Seminarda, adından da göründüyü kimi, nağılları uşaqlara daha canlı, maraqlı, əyləncəli danışmağın müxtəlif yolları öyrədildi. Müəllimlər nağılları səhnələşdirməyin, pantomimalar, karikaturalar vasitəsi ilə tədris etməyin ən müxtəlif – 50-ə yaxın metodu ilə tanış oldular.

Müəllim və tərbiyəçilərin maraq və həvəslə iştirak etdiyi seminarda həmçinin sağ və sol beyinin funksiyaları, onların şagirdlərin davranış və motivasiyasına təsiri, öyrənmənin beyində gedən proses olduğu müzakirə olundu.

Gündə 4 saat olmaqla 16 akademik saatı əhatə edən seminar iştirakçılar üçün qrup işləri, fərdi təqdimat, səhnələşdirmə və əl işlərinin hazırlanması ilə də yaddaqalan oldu.

Qeyd edək ki, bu seminarda iştirak edənlərin əksəriyyəti məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün ixtisasartırma təlimlərini aparan və onlara mentorluq dəstəyi göstərən müəllim-mütəxəssislərdir. Həmin seminar onların peşəkarlığının artırılmasına, metodik bacarıqlarının təkmilləşməsinə xidmət etmişdir. Seminarda öyrənilənlər dərhal dərs və məşğələlərdə tətbiq edilməklə yanaşı, avqust – sentyabr aylarında ibtidai sinif müəllimlərinə keçiriləcək “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma proqramının da zənginləşməsinə vəsilə olmuşdur.

Seminara marağın böyük olmasını nəzərə alaraq iyun ayında yenidən təşkili nəzərdə tutulur.