XƏBƏRLƏR

10 şəhər və rayonda "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimləri keçirilir

18.06.2019

İyunun 3-dən etibarən ölkənin 8 şəhər və rayonunda (Bakı, Sumqayıt, Şamaxı, Quba, Gəncə, Şəki, Abşeron, Ağcabədi, Qazax, Cəlilabad) ibtidai sinif müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.

Təlimlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsi məqsədi ilə Avropa İttifaqının maliyyə dəstəyi ilə YUNİSEF-in Azərbaycan Nümayəndəliyi və Regionların İnkişafı İctimai Birliyinin müvafiq layihələri çərçivəsində təşkil olunur. Gələn ilin may ayınadək ümumilikdə 11 000 ibtidai sinif müəlliminin təlimlərdə iştirakı nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, bütün ixtisasartırma proqramları kimi bu təlim də yekun qiymətləndirmə imtahanı ilə sona çatacaq. 

36 akademik saatlıq proqramda  müəllimlər aşağıdakı mövzular üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər:

- inklüziv təhsil;

- əlilliyin sosial modeli;

- inklüziv sinif təcrübəsinin yaradılması;

- universal öyrənmə dizaynı;

- inklüziv dərsin planlaşdırılması və tətbiqi;

- inklüziv sinifdə qiymətləndirmə;

- əməkdaşlıq;

- uşağa və ailəyə dəstək planları və s.

Ümid edirik, proqram inklüziv təhsillə bağlı müəllimlərimizdə yaranmış sualları cavablandıracaq, həlli çətin məsələlərin çözülməsinə birgə səy göstərmək əzmi yaradacaq və daha harmonik, daha homogen cəmiyyət qurmaqda hamımıza dəstək olacaqdır.