"Refleksiv müəllim" seminarı Zaqatalada
22.06.2019
19-20 iyun tarixlərində “Refleksiv müəllim” seminarları Zaqatala rayonunda məktəbəbəhazırlıq qruplarında işləyən ibtidai sinif müəllimləri ilə keçirildi. TİPİİ-nin əməkdaşları Fərqanə Seyidli və Fatma Quliyevanın moderatorluğu ilə təşkil olunmuş 4 seminarda (məşğələ mövzuları: “Göyərçin yuva qurmağı necə öyrəndi?”, “Kvadratın bərabər hissələrə bölünməsi”, “Meyvə və tərəvəzlər”, “Ö” səsi və hərfi”) ümumilikdə 121 müəllim iştirak etdi.
Seminarın ənənəsinə uyğun olaraq bütün qruplarda təqdimatçı-müəllimlər əvvəlcə məşğələ nümunəsini təqdim edərək öz iş üsullarını həmkarları ilə müzakirəyə çıxardılar. Müəllimlər “Məqsədi olmayan oyunlarla şagirdləri əyləndirmək lazımdırmı?”, “Tapşırığa şüurlu yanaşma məşğələnin keyfiyyətini yüksəldirmi?”, “Hərf və səs anlayışlarını uşaqların anlayacağı tərzdə necə izah etmək olar?” və s. kimi suallar ətrafında fikir mübadiləsi apardılar. Daha sonra seminarlar seçilmiş iş üsullarının mövzuya, şagirdlərin yaş səviyyəsinə uyğunluğunun müzakirəsi istiqamətində davam etdi. Müəllimlər seminar əsnasında məşğələyə müxtəlif rakurslardan baxmağı öyrənirdilər – seminarın əsas məqsədlərindən biri də bu idi.
Sonda hər seminarın əsas təqdimatçı-müəllimi TİPİİ-nin korporativ hədiyyələri - köynək, fincan, orqanik torba ilə yanaşı, sinifdə öyrədici mühit yaratmaq üçün vacib olan sadə vasitələr (rəngli karandaşlar, plastilin, qayçı, stiker və s.) də aldı.
Yeni dərs ilindən “Refleksiv müəllim” seminarları bölgələrə səfərini davam etdirəcək. Hələlik isə müəllimləri daha çox maraqlandıran suallara video-cavab hazırlayacağıq.