XƏBƏRLƏR

Müəllim və tərbiyəçilər üçün "Canlı nağıllar" mövzusunda seminar

27.06.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda 24-27 iyun tarixlərində ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində işləyən tərbiyəçilər üçün “Canlı nağıllar” mövzusunda seminar keçirildi. Seminarı erkən uşaq inkişafı üzrə mütəxəssis Lalə Orucova aparmışdır. Lalə Orucova nağıl danışma texnikalarını dərindən öyrənmiş və dəfələrlə təcrübədən keçirmiş bir mütəxəssisdir. O hər zaman “Niyə?” sualını verməyi sevən və bu suala məntiqi cavab tapmağa çalışan insanlardandır. Seminarın təşkilində də əsas məqsəd şagirdlərin təxəyyülünü, yaradıcı təfəkkürünü kökləyən nağılları uşaqlara daha canlı, əyləncəli və öyrədici danışmağın müxtəlif yollarını müəllimlərə öyrətməkdir. Bunun üçün  müxtəlif üsullar təklif olundu – səhnələşdirmə, pantomima, karikatura və s.

16 akademik saatlıq proqramda ümumilikdə 35 müəllim və tərbiyəçi iştirak edirdi. 4 gün davam edən bu seminarların daha yaradıcı, təxəyyülü zəngin və mütaliəni sevən şagirdlərin yetişdirilməsinə səbəb olacağına ümid edirik.

Qeyd edək ki, bu, eyniməzmunlu ikinci seminardır ki, müəllimlərin çoxsaylı xahişi ilə yenidən keçirilmişdir. Gələcəkdə Lalə Orucova ilə əməkdaşlığı genişləndirərək yeni seminar mövzuları üzərində işləməyi planlaşdırırıq.