XƏBƏRLƏR

Müəllimlər Həyat bilgisi fənnini müasir tələblərə uyğun tədris etməyin yollarını öyrənirlər

15.07.2019

İyulun 1-dən etibarən TİPİİ-də ümumtəhsil məktəblərində Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimləri keçirilir.

Təlimlərin təşkilində məqsəd müəllimləri qabaqcıl iş üsulları, planlaşdırma, yeni qiymətləndirmə metodları və effektiv sinif idarəetməsi haqqında məlumatlandırmaq, fənnin tədrisinə dair bilik və bacarıqlarını dərinləşdirməkdir. Təlim proqramında yuxarıda qeyd olunan mövzularla yanaşı, insan və uşaq hüquqlarının, demokratiya mədəniyyəti kompetensiyalarının oyunlar vasitəsilə tədrisinə, Dayanıqlı İnkişaf Məqsədlərinə də yer verilmişdir.  

Təlim zamanı iştirakçılar öyrəndikləri bilikləri praktik tapşırıqlarla möhkəmləndirir, müəllimlər üçün hazırlanmış müxtəlif mövzularda animasiya filmlərini, video-materialları müzakirə edirlər. İştirakçılar bu gün “Emosional taksonomiya” mövzusuna uyğun “Emosional intellekt” animasiya filmini izləyərək “Müəllim öz hisslərini tanımaqda, adlandıra və idarə etməkdə şagirdə necə kömək edə bilər?” sualı ətrafında fikir mübadiləsi apararaq öz təcrübələrini bölüşdülər. Bu cür müzakirələrin təşkili ona görə əhəmiyyətlidir ki, bu zaman qruplarda mühafizəkar, standart düşünən və yenilikdən imtina edən müəllimlər də öz fəaliyyətləri üzərində düşünmək, refleksiya etmək imkanı qazanırlar.

Məlumat üçün qeyd edək ki, tarix, fizika, kimya, biologiya, coğrafiya və ibtidai sinif müəllimlərinin iştirakı ilə təşkil olunan təlimlər avqust ayı ərzində də davam edəcəkdir.