XƏBƏRLƏR

İnklüziv təhsil və inklüziv cəmiyyət üçün

23.07.2019

23 iyul tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF-in icra etdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlimçi hazırlığı proqramına başlanılıb.

50 nəfər təcrübəli ibtidai sinif və fənn müəllimlərindən ibarət komandanın təlimə cəlb olunmasında məqsəd onları inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə ətraflı  tanış etmək, cari ildə ibtidai sinif müəllimləri üçün keçiriləcək ixtisasartırma təlimlərinə təlimçi kimi hazırlamaqdır.

Bu gündən etibarən başlayan və hər qrupun 4 gün iştirak edəcəyi təlimin ilk günündə iştirakçılar inkluziv təhsil anlayışı, əlilliyin sosial modeli, inkluziv təhsilin tətbiqində dəyərlərin rolu və əhəmiyyəti, həssas qruplardan olan uşaqların keyfiyyətli təhsil alması üçün müxtəlif səviyyələrdə maneələr və onların aradan qaldırılması üçün strategiyalar barədə nəzəri məlumatlar alaraq qrup işləri, fərdi təqdimat və müxtəlif öyrədici oyunlarla müzakirələr apardılar.

Yuxarıda qeyd olunanlarla yanaşı, növbəti 3 gün ərzində iştirakçılar “üşaqyönümlü pedaqoqika, universal öyrənmə dizaynı, inkluziv dərsin planlaşdırılması və tətbiqi, inklüziv siniflərdə qiymətləndirmə, ailə və uşağa dəstək planları, inkluziv təhsilin həyata keçirilməsində müəllimlərin birgə fəaliyyəti və əməkdaşlığı, həmçinin müəllim, valideyn və icmanın digər üzvləri ilə əməkdaşlığın vacibliyi və strategiyaları” kimi mövzular barədə məlu­matlan­dı­rılacaqlar. 

Bu layihə çərçivəsində gələn ilin iyun ayınadək 10 000 nəfər ibtidai sinif müəlliminin “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramında iştirakı planlaşdırılır. Təlimlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Şəki, Quba, Qazax, Agcabədidə keçiriləcəkdir.