"Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimi
19.08.2019
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olunan “Məktəbdaxili qiymətləndirmənin təşkii metodikası” mövzusunda ixtisasartırma təlimi bu gün başladı. Məqsədi müəllimləri məktəbdaxili qiymətləndirmənin mahiyyəti, müasir üsul və strategiyaları ilə bağlı məlumatlandırmaq olan təlimdə 30-dan çox fənn müəllimi iştirak edir.
İştirakçılar təlimin ilk günü öyrənməyə “Mən sinifdəki hansı prosesi qiymətləndirmə adlandırıram?”, “Formativ və summativ qiymətləndirmə arasındakı incə sədlər haradan başlayır?” kimi suallar üzərində refleksiya apararaq başladı. İlkin təəssürata görə belə qənaət yarandı ki, müəllimlər formativ qiymətləndirmənin mahiyyətini, izləmə və yoxlama məqsədli qiymətləndirmə vasitələrini bir çox hallarda qarışdırır, onları tam olaraq bir-birindən fərqləndirə bilmirlər. İlk günkü dərs bu mövzular üzərində fərdi və qrup şəklində müzakirələrlə davam etdi.
Növbəti günün təlim saatlarında proqramın mövzularına uyğun olaraq iştirakçılar aşağıdakı mövzular üzərində işləyəcəklər:
-
İlkin səviyyənin qiymətləndirilməsinin spesifik xüsusiyyətləri.
-
Diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanması;
-
İzləmələrin, müşahidələrin qeydiyyatının aparılması;
-
İzləmələrin nəticələrindən müvafiq strategiyaların müəyyənləşdirilməsi üçün istifadə;
-
Meyarlar və rubriklər;
-
Yekun qiymətləndirmə qaydaları, qiymətlərin hesablanması, qiymətləndirmə nəticələrinin qəbul edilən qərarlara təsiri.
-
Məzmun standartları üzrə bilik və bacarıqların qruplaşdırılması, müvafiq meyarların müəyyənləşdirilməsi.