XƏBƏRLƏR

Koreyalı mütəxəssislərlə görüş

28.08.2019

Bu gün TİPİİ-də Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) arasında imzalanmış protokol əsasında başlanmış layihə çərçivəsində koreyalı mütəxəssislərlə görüş keçirilib.

Layihə çərçivəsində yaradılacaq informasiya sistemi hazırda Azərbaycanda mövcud olan təhsil informasiya sisteminə inteqrasiya ediləcək, yeni mediastudiya vasitəsilə distant ixtisasartırma təlimlərinin keçirilməsi praktikasına başlanacaqdır. Distant ixtisasartırma proqramları keyfiyyətin təmin edilməsi və eləcə də resurslara qənaət nöqteyi-nəzərindən böyük səmərə vəd edir. Təhsil informasiya  sisteminin idarə olunması və distant əlavə təhsilin məzmununun hazırlanması məqsədilə yerli mütəxəssislər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Görüş zamanı koreyalı mütəxəssislər distant ixtisasartırma təlimlərindən gözləntilərimizlə tanış olmuş, öz təcrübələrindən söhbət açmışlar. Qonaqlar həmçinin hazırda İnstitutda keçirilən “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimini müşahidə etmiş, iştirakçı müəllimlərin suallarını cavablandırmışlar.

Məlumat üçün qeyd edək ki, 30 avqust 2017-ci ildə imzalanmış “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsinin məqsədi Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə Azərbaycan müəllimlərinin peşəkar inkişafına töhfə verməkdir.