XƏBƏRLƏR

2019-cu il müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların təhlilinə dair ekspert müzakirəsi

12.09.2019

12 sentyabrda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda 2019-cu il müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların təhlilinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Sual tərtibatçılarının, ekspertlərin toplaşdığı görüşün məqsədi imtahan suallarının məzmunu,  tərtibatı ilə bağlı müzakirələr aparmaq, nəticələrin statistik təhlili ilə bağlı meydana çıxan məsələlərə aydınlıq gətirmək və gələcək fəaliyyətləri planlaşdırmaq idi.

Görüşün əsas müzakirə hədəfi müəllim olmaq üçün namizədlərin arasından ən yaxşılarını seçmək məqsədinə xidmət edən sual və tapşırıqlara verilən müasir tələblər oldu.

Fizika-riyaziyyat Təmayüllü Liseyin direktoru T.Talıbov 2019-cu il müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların statistik təhlil nəticələrindən danışdı. Təhlilin nəticələri ilə bağlı çıxış edən fənn ekspertləri  mövcud problemlərlə bağlı fikirlərini bildirdilər və növbəti illərdə işlərin təkmilləşdirilməsi məqsədilə müxtəlif təkliflər irəli sürdülər. Müzakirənin sonunda qərara alındı ki, ayrı-ayrı fənlər üzrə müəllimlərdən tələb olunan kompetensiyalar bir daha nəzərdən keçirilsin və həmin kompetensiyaları ölçmək üçün imtahan sualları tərtib olunsun.