XƏBƏRLƏR

2019-cu il üçün "İnklüziv siniflərdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimləri yekunlaşıb

16.09.2019

"2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən iyun ayından başlanılan “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri cari il üçün sona çatıb. Ölkənin 8 şəhər və rayonunu əhatə edən təlimlərdə bu müddət ərzində 160 qrupda 4000 nəfər ibtidai sinif müəllimi inklüziv təhsilin əsası sayılan universal öyrənmə dizaynı, inklüziv sinifdə əməkdaşlıq, planlaşdırma, qiymətləndirmə və s. kimi mövzularda məlumatlanmış, bu sahədə özünü doğruldan müxtəlif metodları təcrübədə yoxlamışlar.

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF-in təşkil etdiyi bu təlimlərin keyfiyyətinə nəzarət məqsədi ilə TİPİİ-nin əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş, keyfiyyət səviyyəsi, öyrətmə prosesi yoxlanılaraq müxtəlif meyarlar əsasında qiymətləndirilmişdir. Növbəti mərhələdə müdavimlər yekun qiymətləndirmə imtahanında iştirak edəcəklər.

Onu da qeyd edək ki, 2020-ci ilin iyun ayınadək davam edəcək təlimlər vasitəsi ilə ümumilikdə 10000 nəfər ibtidai sinif müəlliminə inklüziv təhsil fəlsəfəsi və ideyaları aşılanacaqdır.